Molla Nəsrəddin jurnalı xalq həyatının aynası idi

Biz XX yüzillikdən XXI yüzilliyə keçdik, ikinci minillikdən üçüncü minilliyə gəlib çıxdıq. Dünya dəyişir, dünyanın hər hansı nöqtəsində baş verən hadisə barədə informasiya dərhal Yer kürəsinin istənilən nöqtəsinə ötürülə bilir.
Yola saldığımız minilliyin ən böyük kəşfi çap üsulunun — “Qutenberq erası”nın meydana gəlməsi hesab edilir. Çap maşınının ixtirası bəşəriyyəti yeni sivilizasiyaya apardı. İnsanın, cəmiyyətin tirajlanmış sözə ehtiyacı özünü çox tez büruzə verdi. Ayıq ölkələr tezliklə mətbuata, tirajlı sözə yiyələndilər.
Azərbaycan öz mətbuatını xeyli gec yaratdı. Amma ilk qəzetimiz “Əkinçi” tezliklə xalq arasında hörmət qazandı. Onun sözü ötkəm oldu, təsir etdi, nəsil-nəsil insanları tərbiyə etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında” Prezident fərmanında onun keçdiyi şərəfli yolu belə dəyərləndirirdi: “Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də ”Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu... Milli demokratik mətbuatın “Əkinçi” qəzeti tərəfindən bəyan edilmiş saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvü vəhdəti... Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl daşları rolunu oynadı".
Azərbaycan milli mətbuatının banisi H.Zərdabi “Hər şeydən əvvəl, xalq səadəti yolunda çarpışan, el üçün yaşayıb-yaradan realist-demokratik bir alim, mübariz yazıçı olmuşdur. Xəlqilik həmişə onun ictimai görüşlərinin əsası olmuşdur”. “Əkinçi” mütərəqqi ideyalar yaydığına görə...hakim dairələrin təzyiqlərinə rast gəldi... çar hökumətinin əmri ilə qəzet bağlandı. Zərdabini “siyasi cəhətcə təhlükəli və etibarsız” elan edərək izləməyə başladılar" (V.Məmmədov. “Əkinçi” qəzeti).
Azərbaycanda bütün mütərəqqi mətbuat həmişə senzura təqiblərinə məruz qalmışdır. Belə mətbuat orqanlarına, onların əməkdaşlarına hücumlar, təzyiqlər olmuşdur. lakin maarifçi-demokrat ziyalılarımız bu hücumlardan qorxmamışlar.
Azərbaycanın maarifçi-demokrat jurnalistləri, xüsusilə, milli problemlərin mətbuatda qoyulması zamanı daha ciddi təzyiqlərlə üzləşmişlər. Bu problemlər içərisində azərbaycançılıq ideyalarının ifadəsi mühüm mərhələ təşkil edir. M.F.Axundovun bir çox əsərlərinə hopan bu milli ruh H.Zərdabi, Y.V.Çəmənzəminli, H.Vəzirov, C.Məmmədquluzadə, Ü.Hacıbəyov kimi bir çox ziyalılarda yeni qüvvətlə üzə çıxırdı.
XX əsrin əvvəllərində Azərbaycan ziyalılarının dərdləri bunlar idi: xalqın savadsızlığı, öz hüququnu dərk etməməsi, azərbaycanlının milli ruhunun özünə qaytarılması və s. Bu problemləri mətbuatın köməyi olmadan həll etməyin mümkünsüzlüyünü ziyalılarımız yaxşı bilirdilər. M.Şahtaxtlının “Şərqi-Rus”u, Ə.Hüseynzadə, Ə.Ağaoğlunun “Həyat” qəzeti məhz azərbaycançılıq ideyalarının genitşlənməsi, təbliği, aydınlaşdırılması məqsədilə yaradılmışdı. Lakin bu mətbuat orqanları öz dövrləri üçün nə qədər böyük amallarla yaşamış olsalar da, xalq tribunasına, xalq sözünün əsl məkanına çevrilə bilmədilər. Azərbaycançılıq ideyalarının xalq tribunası missiyasını öz üzərinə “Molla Nəsrəddin” jurnalı götürdü.
Öz sələfləri kimi “Molla Nəsrəddin”in redaktoru da ədəbi və publisist yaradıcılığı “əsrin aynası”, demokratiya uğrunda mübarizədə kəskin silah, kütlələr arasında təbliğatın qüdrətli vasitəsi hesab edir, jurnalını məhz belə bir silaha çevirmək üçün var qüvvəsini əsirgəmirdi". (Ə.Mirəhmədov. “Azərbaycan Molla Nəsrəddini”) C.Məmmədquluzadənin əsas qayəsi azərbaycanlını öz xalqına, millətinə, keçmişinə, ənənələrinə sədaqətli tərbiyə etmək, milləti müasir dünyaya uyğun ölçülər səviyyəsində görmək idi. “Molla Nəsrəddin” bu amallar uğrunda mübarizə fonunda yaranmışdı.
1906-cı il aprelin 7-də işıq üzü görən bu jurnal tezliklə “mollanəsrəddinçilər” məktəbini formalaşdırmışdır. Jurnalın yaradıcıları — C.Məmmədquluzadə və Ö.F.Nemanzadə tezliklə xalq şairi M.Ə.Sabir, realist ədəbiyyatın nümayəndələri Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Qəmküsar, M.S.Ordubadi, S.Mümtaz və s. kimi onlarca istedadı redaksiya ətrafına toplamışlar. Amma ən əsası budur ki, “Molla Nəsrəddin” “Xalq satira jurnalı” modelinə çevrilmişdir. Bu, çox ciddi bir məqamdır, ona görə ki, yalnız “xalq jurnalı” bu qədər geniş yayıla bilərdi, populyar və təsiredici ola bilərdi.
“Molla Nəsrəddin” məcmuəsinin birinci sayında verilmiş “Sizi deyib gəlmişəm” məqaləsi bütün mollanəsrəddinçilərin fəaliyyət proqramı kimi böyük əhəmiyyətə malikdir. Elə ilk nömrədən jurnal “o kəsləri deyib gəlmişdi ki, fala baxdırmağı, it boğuşdurmağı, dərviş nağılına qulaq asmağı, hamamda yatmağı” elmdən, maarifdən, öyrənməkdən, düz söz eşitməkdən üstün tuturdular. Əslində, “Sizi deyib gəlmişəm” məqaləsi jurnalın bütün gələcək ruhunu özündə ehtiva edirdi. “Molla Nəsrəddin” jurnalının ilk nömrələrində dərc edilən felyetonlar onun xalq jurnalı kimi fəaliyyətə başladığını bariz şəkildə göstərirdi. “Bizim obrazovannılar”da öz dilinə xor baxanlar, “qınından çıxıb qınını bəyənməyənlər”, “Qəbirdən məktub”da başqasının vəzifəsini tutmaq üçün onu saxta dava-dərmanla öldürmək, “Niyə məni döyürsünüz”də xalqın dərdinə qalan və onu cəhalətdə saxlayanların satirik müqayisəsi, “Bizə hansı elmlər lazım?”da Avropa mədəniyyətini lağa qoyan, cəhaləti təbliğ edənlərin saxta ideyalarının ifşası və s. kimi aktual problemlər öz əksini tapmışdır.
“Molla Nəsrəddin”ə onun elə ilk nömrələrindən çox yerlərdən yazırdılar. Bəlkə də, Azərbaycanın ilk mətbuat orqanlarından idi ki, bu jurnalın bölgə və xarici müxbirləri vardı. Bakıdan, Lənkərandan, Salyandan, Qarabağdan, Aşqabaddan, Dərbənddən, Tiflisdən, Moskvadan, Peterburqdan gələn məktublar çox ciddi problemlər qoyurdu. Və bu problemlərin hamısı mütləq xalqın bir millət kimi formalaşmasına əngəl olan faktlarla zəngin idi. Bəzən jurnal ayrı-ayrı bölgələrin ovqatını əks etdirən məqamları göstərmək üçün müəllif təxəyyülünün məhsulu olan məktublara müraciət edirdi.
“Qarabağdan məktub” adlı bir felyeton azərbaycançılıq ideyalarının çox mühüm tərkib hissəsi kimi diqqəti çəkir. Maarifçiliyin, elmin xalqa, millətə böyük və müsbət təsir gücünü hiss edənlərin və bundan narahat olanların ifşasına həsr olunan bu felyetonda məktub müəllifi qəzetlərin “hürriyyət, elmi-tərəqqi”dən geniş bəhs etmələrini bir bəla kimi qiymətləndirirdi: “Həqiqət nə qədər fikir eyləyirəm mənim rəyim əsla bu cür sözlərə müvafiq gəlmir və qulağım taqqıldayır. Yaxşı, deyən gərək, a başına kül, bəs sizdən qabaq bu elmi nə üçün belə axtaran yoxdu? Axır, qardaş, ağlını başına cəm elə, ata-baba yolu ilə get... elmin sizə nə nəfi var? Hüriyyət nəmənədir? Kim indiyədək Qarabağda onun bəhrəsini görüb və görəcək?”.
Mirzə Cəlil və onun “Molla Nəsrəddin”dəki məsləkdaşları xalqın elmə etinasızlığını azərbaycanlının bir insan, bir millət kimi formalaşmasına mane olan ən narahat ənənə kimi qamçılayırdılar.
Jurnal özünün 1906-cı il tarixli 11-ci nömrəsində “Nəsihət” adlı kinayə üslubunda bir felyeton dərc edib. İmza birbaşa Molla Nəsrəddinin — yəni jurnalın özünündür. Azərbaycandan Dövlət Dumasına seçilən millət vəkillərinin Vətən və xalq dərdinə etinasızlıqlarının tipik ifadəsi kimi qiymətləndirilə biləcək bu felyetonun yarımsərlövhəsi də sarkazmın yüksək məqamıdır: “Camaat vəkillərinə”.
Azərbaycandan Peterburqa yola düşən millət vəkillərinə sarkastik bir müraciətə diqqət edək: “Sizədir bizim ümidimiz, biz müsəlman camaatının ümidi, ey millət vəkilləri!.. Gediniz, amma bunu hər dəqiqə yadda saxlayınız ki, sizin boynunuzda ağır təkliflər var ki, onları əmələ gətirməyi millətimiz sizdən tələb edəcək”. Bəs bu “təkliflər” hansılardır? Demə, millət vəkillərinin Fitielbörkdə (Peterburqda) əsas vəzifəsi “ədəbli, ədəbli, ədəbli” olmaq imiş. “Aman günüdür, biz müsəlman millətini yetmiş iki millətin vəkilləri içində biabır etməyiniz... Bunun da çarəsi heç deməməkdir.
Əgər xamuş (sakit) olmağa aylar ilə, illər ilə dözə bilsəniz, dözünüz və illah əgər səbr və qərarınız kəsildi, bir danışmaq istəsəniz, heç olmasa, millətimizin xoş səadəti və tərəqqisi adına...tələb ediniz ki, Rusiya hökumətinin yolunda can-dil ilə xidmət edən musəlmanlara layiqincə vəzifə və ənam verilsin və bununla belə Rusiyanın müstəbid idarəsinin tərəfdarı olmayan müsəlmanlar Saxalin cəzirəsinə göndərilsinlər".
“Molla Nəsrəddin” jurnalı millətin öz dərdini söylədiyi bir tribuna olmuşdur. “Təzə təlim kitabı” felyetonunda verilən “Molla Nəsrəddinin hesab məsələləri bütöv bir millətin başına açılan oyunların, əzab-əziyyətlərin, haqsızlıqların satirik ifadəsidir: ”Əkinçi əkdiyi buğdanın tozundan on hissəsini verir mülkədara, on hissəsini verir molla və dərvişə (yuxu təbiri, qızdırma duası və qeyri-zəhmətlərin əvəzində), on hissəsini də qlava və pristava rüşvət və divan xərci...
— Əkinçinin özünə nə qədər buğda qaldı?
...İrəvan qubernatoru on dörd il ki bu mənsəbdədir, hər il on müsəlman qulluqdan kənar edir.
— Bu müddətdə qubernator neçə müsəlman çıxardıb?
...Müsəlman uşağı dörd il rus dərsi oxuyub evinə qayıdanda anası ilə rusca danışır.
— Bu hesabla cavan 14 il oxuyandan sonra nə dildə danışacaq?"
Bu “təzə təlim kitabı”nda müsəlman xislətinə aid çoxarvadlılıq, uşağı elmdən yayındırmaq, arvada əşya kimi baxmaq, mövhumata qapılmaq, sahibkarların fəhlələrə zülmü, mollanın məktəbliyə tətbiq etdiyi cəbr üsulları, çörəyə torpaq qatılması üsulları, Naxçıvan hamamlarında suyun antisanitariya vəziyyəti, ehsan sahiblərinin ac-yalavac adamlar əvəzinə toxlara çörək vermələri, müsəlman qızlarının Tiflisdə namazı rusca qılmaları və s. kimi neçə-neçə milli problem öz əksini tapmışdır.
“Molla Nəsrəddin” dönə-dönə deyirdi ki, Vətən qardaşlarımıza “düşmənlərini tanıtmaq” və onları bu düşmənlərlə mübarizəyə hazırlamaq bizim borcumuzdur. Çünki köhnəliklə yeniliyin vuruşmasında fəhlə və əkinçinin kankan və tulambarçının, kontor və mədən işçisinin necə mövqe tutması, qalib, yaxud məğlub olması, “kimdir bizim düşmənlərimiz” sualına düzgün cavab tapmasından çox asılıdır" (Ə.Mirəhmədov).
Jurnalın fikrincə, bəla bundadır ki, “müsəlman qardaşlar”ın böyük bir hissəsi nəinki mübarizə yolundan bixəbərdir, nəinki sosial həyatda avam və fəaliyyətsizdir, hətta mövcud tarixi vuruşlar dövründə dost-düşmənini tanımaqda da çətinlik çəkib; hələ beşikdə ikən “şeytan”, “xortdan”, “cin”, “qulyabanı” kimi mövhümi sözlərlə qulağı dolduğu, cəmiyyət və təbiət qanunları haqqında kifayət qədər təsəvvürü olmadığı üçün o, rastlaşdığı bütün yaramazlıqları, bütün məhrumiyyət və bəlaları ya “tədbiri-xuda”, ya Allahın qəzəbi, ya da şeytan işi kimi başa düşür, ona görə də həmişə “Allahı köməyə çağıranda” qanını soran, ikiayaqlı “zəlillər”dən və “həşəratlar”dan dad çəkmək əvəzinə, deyir ki, “bari pərvərdigara, sən məni şeytandan saxla”.
Xalqın birliyi, mədəniyyətə qovuşmağı, millətlər içərisində öz yerini müəyyənləşdirməsi, demokratik dəyərlərə yiyələnməsi kimi məsələlərə münasibətini jurnal çox böyük sənətkarlıqla qələmə aldığı felyetonlarda göstərirdi. Yuxarıda xalqın bəzi nümayəndələrinin “bari pərvərdigara, sən məni şeytandan saxla” deyib də bütün nöqsanların, eybəcərliklərin səbəbini şeytanda axtarması “Şeytandan məktub” felyetonunda çox maraqlı şəkildə ifşa edilmişdir. “Şeytandan məktub” bütöv bir xalqın gerçək bir durumda necə olduğu haqqında satirik-informativ təqdimatdır.
Şeytanın dili ilə verilən bu məktubda şeytan müsəlmanların öz bəd əməllərini onun adına yazmalarından şikayət edir: “Guya ki, mən demişəm onlara adam öldürünüz! Yaxşı iş tutmuyunuz! Məktəb açmıyınız! İttifaq etməyiniz”) Və mənə lənət edirlər. Şeytan yazır: “Mən on ildir ki, müsəlman vilayətlərindən çıxmışam, çünki sizdə müsəlmanların öz aralarında çox şeytan var. O işlər ki, mən gərək onlara dəlalət edəm, o işi onlar özləri edirlər”.
Sonda şeytan bu məktubundan məqsədini belə göstərir: “Bu məktubu yazmaqda məqsədim odur ki, hər cürə pis işlər ki, müsəlmanlar tuturlar, qiyamət günündə Allah divanında cavabdeh özləridir, hərgah desələr, pərvərdigara, bizi şeytan aldatdı, onda mən də ərz edəcəyəm ki, ey adil Allah, vallah yalan deyirlər, heç bunların pis işindən xəbərim yoxdur, vallah xəbərim yoxdur, billah xəbərim yoxdur”.
“Şeytanın məktubu” kimi yüzlərlə felyeton jurnalın “Sizi deyib gəlmişəm” məqaləsində vəd etdiyi proqramın necə gerçəkləşdirildiyindən xəbər verir.
“Molla Nəsrəddin” jurnalının ideyaları və onların gerçəkləşmə üsulları heç vaxt köhnəlmir. Əksinə, bu gün Azərbaycan jurnalistikasında rastlaşdığımız mövzu monotonluğu, üslub yeknəsəqliyi, qərəzlilik və birtərəflilik, təhqir və böhtan, siyasiləşmə məqamlarını aradan qaldırmaq üçün dönə-dönə “Molla Nəsrəddin”ə – xalqın dərdini, millətin problemlərini yaşayan və bu problemlərin həlli yollarını göstərən bu böyük ədəbi abidəyə qayıtmaq zərurəti bütün ciddiliyi ilə ortaya çıxır.
Allahverdi MƏMMƏDOV
Molla Nəsrəddin jurnalı xalq həyatının aynası idi
Biz XX yüzillikdən XXI yüzilliyə keçdik, ikinci minillikdən üçüncü minilliyə gəlib çıxdıq. Dünya dəyişir, dünyanın hər hansı nöqtəsində baş verən hadisə barədə informasiya dərhal Yer kürəsinin istənilən nöqtəsinə ötürülə bilir. Yola saldığımız minilliyin ən böyük kəşfi çap üsulunun — “Qutenberq erası”nın meydana gəlməsi hesab edilir. Çap maşınının ixtirası bəşəriyyəti yeni sivilizasiyaya apardı. İnsanın, cəmiyyətin tirajlanmış sözə ehtiyacı özünü çox tez büruzə verdi. Ayıq ölkələr tezliklə mətbuata, tirajlı sözə yiyələndilər.

0 Comments:
Post a Comment
<< Home