ƏRDƏBİL
Altmış illik ömrüm oldu səndə bərbad, Ərdəbil !
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil !
Zənn edirəm mən bütün aləmdə İran’dan səva,
Bir fərəh abad yer yoxdu o samandan səva,
Övrət olmaz hüsnüdə Fatma, Tükəzbandan səva,
Var imiş Rusiyyədə min – min pərizad, Ərdəbil !
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil !
آلتيميش ايلليك عؤمروم اولدو سنده برباد اردبيل!
بير ده نامردم اگر ائتسه م سنى ياد٬ اردبيل!
ظنن ائديرديم من بوتون عالمده ايراندان ساوا
بير فرح آباد يوخدو او ساماندان ساوا
عؤورت اولماز حوسنوده فاطما٬ توكذباندادن ساوا
وار ايميش روسييه ده مين مين پريزاد اردبيل!
بير ده نامردم اگر ائتسه م سنى ياد اردبيل!
Ey vətən, huri görürdüm səndəki övrətləri,
Dərdim ol, hurilərin sənsən yəqin cənnətləri,
İndi heyranam baxıb gördükcə bu lövbətləri,
Hər birində başqa ləzzət, başqa bir dad, Ərdəbil !
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil !
Haliya Bakı’dayım, Baku demə bir luxtüzar,
Xassə dərya sahili bir lövbətistani – tatar,
Hər tərəf ağ – çağ madamdır, bir birindən gülüzar,
Türfə dilbər, töhfə bir şey, yaxşı bir zad, Ərdəbil !
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil !
Min mənim tək kəblayı bir Sonyanın dildadəsi,
Min mənim tək paki – din bir rum kadın üftadəsi
Min mənim tək möminin bilməm nolub səccadəsi?
Bəndəlik qeydin qırıb olmuşdur azad, Ərdəbil !
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil !
Beş deyil, on beş deyil, hər yan baxırsan, var madam,
Ev madam, mənzil madam, balkon madam, talvar madam,
Sirk madam, qəstin madam, pasaj madam, bulvar madam,
Müxtəsər, əqlim çaşıb, ey dad – bidad, Ərdəbil !
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil !
Gərçi İran’dan çıxırkən başqa idi niyyətim,
Niyyətim kəsb idi, vardı kəsbi – kara qeyrətim,
Qeyrətim razı deyildi ac dolansın külfətim,
Yox gözümdə indi nə külfət, nə övlad, Ərdəbil !
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil !
Bəs ki artır bunları gördükcə hərdən rəğbətim,
Rəğbətim artırsa da lakin qavışmır həsrətim,
Həsrətim bir şeyədir, ancaq düzəlmir halətim,
Halətim təskini – nəfsə qılmır imdad, , Ərdəbil !
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil !
Qorxudurdu çıxmamışkən ölkədən qurbət məni,
Çulğayıbmış qəflətimdən vəhşətü dəhşət məni,
İndi bu gördüklərimdən mat edib heyrət məni,
Özlüyümdən çıxmışam, əfsus!...fəryad!.... , Ərdəbil !
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil !
Tazədən bərgəşt edib bir də cavan olsaydım, ah!...
Şıq geyimli bir cavan – xoşnişan olsaydım, ah!...
Bu pərilərlə doyunca həmzəban olsaydım, ah!...
Dəhrdə beş gün yaşardım xürrəmü şad, Ərdəbil !
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil !
0 Comments:
Post a Comment
<< Home