Wednesday, June 16, 2004

"Molla Nəsrəddin" jurnalının nəşrindən 98 il ötdü


"Molla Nəsrəddin" jurnalının nəşrindən 98 il ötdü


http://bizimasr.media-az.com/arxiv_2004/14/images/serbest.jpg


Azərbaycan satirik mətbuat tarixində müstəsna, eyni zamanda əvəzsiz yeri və rolu olan "Molla Nəsrəddin" jurnalının daha bir ildönümü arxada qaldı. İstər mətbuat tarixi, istərsə də özümüzü bir millət kimi tanımaq, daha dəqiq desək, dünyagörüşümüzə, mentalitetimizə və nələrə isə vaqif olmaq baxımından əsaslı mənbə olan "Molla Nəsrəddin" jurnalının ildönümünün diqqətdən kənarda qalması yolverilməzdir. Elə bu səbəbdən də "Molla Nəsrəddin" jurnalını, eləcə də onun yaradıcısı Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığını vərəqləyirik. Bu mövzular dönə-dönə araşdırıldığından və tədris olunduğundan imkan daxilində təkrara yol verməməyə çalışacağıq. "Molla Nəsrəddin"in yaradıcısı Cəlil Məmmədquluzadənin həyat və yaradıcılıq yolu haqqında ətraflı bilgilər yetərincədir. Ancaq ədibin özünün qələmə aldığı "Xatiratım" bu sahədə ən etibarlı mənbələrdən biridir.


Tarixi sənədlərdə Cəlil Məmmədquluzadənin 1866-cı il fevral ayının 22-də Naxçıvan şəhərində doğulduğu göstərilir. Ancaq bu, dəqiq tarix deyil. Bunu Cəlil Məmmədquluzadə özü də etiraf edib: "Nə vaxt anadan olmuşam? Vallah bilmirəm, çünki bu barədə əldə heç bir sənədim və yazım yoxdur... Mənim dünyaya gəlməyimi heç bir kəs yazı ilə bir yanda qeyd etməyib: o vaxtlar nə metrik dəftərlər var idi, nə də o vaxtlar atalar övladının doğulmaq yadigarını yazıya köçürməyi lazım bilirdilər. Mənim atam və anam da habelə. Bununla bərabər, bir neçə işarə ilə duya bilirəm ki, indi, yəni hicrətin min üç yüz qırx dördüncü və İsanın təvəllüdünün min doqquz yüz iyirmi altıncı ilində mənim yaşım gərək ya əlli altı ola, ya əlli yeddi ola, ya bəlkə də əlli səkiz ola. Belə ki, yadıma rus ilə osmanlı davasını salıram. Yoldaşlarım ilə durmuşduq Naxçıvanın Qələ məhəlləsində, bir uca yerdə. Axşam vaxtı idi. Gün təzə batmışdı və günün qürubunun qırmızı buludları günbatan tərəfini elə bürümüşdü ki, guya orada bir yekə barıt anbarını od vurub yandırıblar. O vədə yoldaşlarım məni inandırmışdılar ki, orada qızaran Qars şəhərinin yanğısıdır. Yəni orada rus və osmanlı davasıdır. Amma həqiqət bu idi ki, o il doğrudan da rus osmanlı müharibəsi idi ki, biz, səkkiz-doqquz yaşında küçə uşaqlarının coğrafi məlumatı ancaq o qədər ola bilərdi. Bundan savayı yaşımın miqdarını təyin etmək üçün bir yadigarım da var. Min səkkiz yüz həştad birdə İkinci Aleksandrın mücahidlər tərəfindən Peterburqda güllələnməyi mənim yadıma gəlir. On bir-on iki yaşında uşaq olardım". O, Naxçıvanda üç sinifli şəhər məktəbindən sonra təhsilini Zaqafqaziya müəllimlər seminariyasında davam etdirib. Təhsil illərindən sonra isə Cəlil Məmmədquluzadə bir müddət müəllim işləyib. Ədibin maarifçilik və ədəbi fəaliyyəti barədə dönə-dönə söhbət açıldığından, bu mövzuya toxunmayaraq, söhbətimizi onun ən böyük sənət abidəsi olan "Molla Nəsrəddin" barədə davam etdiririk.


"Molla Nəsrəddin" jurnalından danışarkən, Cəlil Məmmədquluzadənin nə vaxtsa söylədiyi "Molla Nəsrəddin"i təbiətin özü yaratdı, zəmanə özü yaratdı" sözləri tarixə düşsə də, eyni zamanda tarix sübut elədi ki, Cəlil Məmmədquluzadə bu sözləri con dərəcə təvazökarcasına dilə gətirib. Ən azı ona görə ki, bir əsrə yaxın zaman kəsiyini arxada qoyub gələn "Molla Nəsrəddin" bu illər ərzində təkrarsızlığını qoruyub. Zəmanə bu baxımdan nə qədər münbit olsa da, yeni bir "Molla Nəsrəddin" yaranmayıb. Halbuki "Molla Nəsrəddin"in üz tutduğu müsəlman qardaşları qətiyyən dəyişməyiblər. Yoxsa ötən əsrin əvvəllərində nəşr olunan "Molla Nəsrəddin" jurnalında işıqlandırılan mövzular bu gün öz aktuallığını itirərdi. Xatırladaq ki, Azərbaycanda, eləcə də Şərqdə hadisəyə çevriləcək satirik mətbu orqanın təməli "Tiflis, Varansovski küçəsi, nömrə 7" ünvanında qoyulub. "Molla Nəsrəddin" jurnalının ilk nömrəsi aprelin 7-də işıq üzü görüb. Jurnal fasilələrlə Tiflisdə (1906-1918), Təbrizdə (1920-1921), Bakıda (1922-1932) 25 il müddətində nəşr olunub.


"Molla Nəsrəddin"in ildönümünü xatırlayanda, istər-istəməz şüurlarda inqilab edən, cəmiyyəti silkələyən satirik jurnalı vərəqləmək gərəkdir: "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər. Ey mənim müsəlman qardaşlarım! Zəmani ki, məndən bir gülməli söz eşidib ağzınızı göyə açıb və gözlərinizi yumub o qədər xa-xa edib güldünüz ki, az qaldı bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəkləriniz ilə üz-gözünüzü silib "Lə’nət şeytana" dediniz, o vaxt elə güman etməyin ki, mənə gülürsünüz. Ey müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxınız camalınıza.


Sözümü tamam etdim, ancaq bircə üzrüm var: məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım, mən sizin ilə türkün açıq ana dilində danışıram. Mən onu bilirəm ki, türkün dili ilə danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir, amma hərdənbir keçmiş günləri yad etmək lazımdır; salın yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi və siz qulaq ağrısı səbəbinə sakit olmurdunuz. Axırı biçarə ananız deyirdi, "Bala, ağlama, xortdan gələr, səni aparar" və siz dəxi canınızın qorxusundan səsinizi kəsib, ağlamaqdan sakit olurdunuz. Hərdənbir ana dilində danışmaq ilə keçmişdə gözəl günləri yad etməyin nə eybi var?" Təbii ki, bu gün, "Molla Nəsrəddin" jurnalının ildönümündə səslənəcək ən maraqlı fikirlər tədqiqatçılara məxsus olacaq. Bu məramla üz tutduğumuz müsahibimiz "Molla Nəsrəddin" jurnalının tədqiqatçılarından biri, filologiya elmləri namizədi Turan Həsənzadədir.


Turan Həsənzadə ilk satirik mətbu orqanla bağlı fikirlərini belə bölüşdü:


- İstisnasız deyim ki, "Molla Nəsrəddin" Şərqin ən şöhrətli jurnalı olub. Bu, tək azərbaycanlı alimlərin fikri deyil, adını unutmuşam, bir fransız şərqşünası var, bu, onun sözləridir."Dünyada satirik jurnallar çoxdur. Ancaq indiyə qədər "Molla Nəsrəddin" satirik jurnalı kimi, dünya səviyyəsində ikinci bir jurnala rast gəlmədim". Və bütün bunlar hansı bir şəraitdə edilib? Çar imperiyasının geridə qalmış bir əyalətində. Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin ənənələrini əsas götürərək, inkişaf etdirən Mirzə Cəlil dəfələrlə özü də etiraf edir ki, "mövhumatı, cəhaləti tənqid eləmək elə bilirsiniz asandır? Onlara qarşı çıxmaq üçün biz bəzən həyatımızı da təhlükə altında qoyuruq". Bəs bu jurnalın özəlliyi nədədir? Dünya hadisələrindən tutmuş, cəhalət, mövhumat, məişət - elə bir sahə yoxdur ki, diqqətdən kənarda qalsın - mövzularını öz səhifələrində 25 ilə yaxın işıqlandıran, təhlil edən yeganə jurnaldır. Karikaturaları isə əsl sənət nümunələridir. Son dərəcə ustalıqla çəkilən bu şəkillərdə istənilən məğz savadsız insanlara belə çatdırılıb.


Təəssüf ki, hətta bu gün də "Molla Nəsrəddin" tam tədqiq olunmayıb. Xüsusilə Mirzə Cəlilin felyetonları lazımi səviyyədə araşdırılmayıb. Mən bu gün Cənubi Azərbaycandakı fəaliyyəti və ümumiyyətlə, ədibin bu mövzuyla bağlılığı üzərində dayanmaq istəyirəm. Cənubi Azərbaycanda "Molla Nəsrəddin"in nəşrində Cəlil Məmmədquluzadənin əməyi daha çox olub. Jurnalın Tiflis nəşrindəki imzalarını saxlamaq naminə o, qələm yoldaşlarının əvəzinə onların imzası ilə məqalələr yazıb. Təsəvvür edin ki, hər nömrədə 8-9 felyetonu çap olunub. Mirzə Cəlil Təbriz mövzusuna həmişə xüsusi diqqətlə yanaşıb, Cənubla maraqlanıb. Onların azadlıq mübarizəsini alqışlayaraq, öz xidmətini göstərmək istəyində olub. O, Təbrizə gedəndə də, Şeyx Məhəmməd Xiyabani ilə görüşəndə də birinci növbədə "Molla Nəsrəddin"i nəşr etdirmək, bununla bərabər azadlıq mücadiləsində onlara kömək eləmək istəyib. Ancaq Mirzə Cəlilin Şeyx Məhəmməd Xiyabani ilə olan söhbətindən bir həftə sonra Xiyabani qəddarcasına qətlə yetirilir. Bu zaman Mirzə Cəlil çıxılmaz vəziyyətdə qalaraq geri dönmək istəyir. Lakin onun ətrafındakılar, maarifpərvər qüvvələr onu geri qayıtmağa qoymayaraq, jurnalın nəşrinə kömək edirlər.


- Turan müəllim, "Molla Nəsrəddin" iki müxtəlif ideoloji məkanda işıq üzü görüb. Bu məqamın satirik jurnala hansı təsiri olub, ayrı-ayrı ideoloji məkanda nəşr olunan jurnallar arasında fərq nəzərə çarpıbmı?


- Demək olar ki, heç bir fərq olmayıb. Unutmayaq ki, ədib sovetlərə, şuraya ümidlə yanaşıb. "Bu hökumət ədalətli olacaq" inamlı bir çox ziyalılarımız kimi, o da bu fikirdə olub. Ancaq sonrakı dövrlərdə onun inamı köklü surətdə sarsılır. O, çar Rusiyası dövründə nəşr olunan "Molla Nəsrəddin" jurnalında olduğu qədər dövlət quruluşunu, məmurları kəskin tənqid edə bilməsə də, təbii ki, həmişə sözünü deyib. Bir qədər dolayı, yumşaq formada olsa da. Mirzə Cəlil 37-ci illərə qədər yaşasaydı, güman ki, o da repressiya qurbanları arasında olacaqdı. Çox zaman "Molla Nəsrəddin" jurnalının nəşrinin dayandırılmasını Mirzə Cəlilin səhhəti və ölümü ilə əlaqələndirsələr də, əslində vəziyyət bir qədər ayrı cür olub. Mirzə Cəlil hələ dünyasını dəyişməmişdi, yuxarıdan belə bir tapşırıq gəlir ki, "Molla Nəsrəddin" "Allahsız" adı ilə nəşr olunsun. Ədib bundan qəti surətdə imtina edir. Yeri gəlmişkən, Cəlil Məmmədquluzadə mövhumata qarşı çıxaraq, şəxsi mənafelərini güdən din xadimlərini tənqid eləsə də, o heç bir zaman Yaradana qarşı çıxmayıb. Təsadüfi deyil ki, Mirzə Cəlil dəfələrlə "Qur’an"dan sitatlar gətirib. Redaksiya heyətində yuxarıdan gələn bu tapşırığı razılıqla qarşılayanlar da olub. Ancaq Mirzə Cəlil bu işə qətiyyən əl qoymayıb. "Allahsız"ın ilk nömrəsi uğursuzluqla qarşılandığından jurnalın nəşri dayanır. Onu da deyim ki, 1906-1911-ci illər - Sabirin vəfatına qədər olan dövr "Molla Nəsrəddin" jurnalının ən uğurlu dövrüdür.


- Bu gün "Molla Nəsrəddin" ənənələri nə dərəcədə qorunub saxlanılıb?


- Ciddi surətdə qorunub saxlanılmayıb. Sadəcə olaraq, həmişə çalışıblar ki, "Molla Nəsrəddin"sayağı yeni jurnal nəşr eləsinlər. Hətta arada məhz o adda jurnal da işıq üzü gördü. Əslində o, köçürmələrdən başqa heç nə deyildi. Bu haqda danışanda maraqlı bir mənzərənin şahidi oluruq. "Molla Nəsrəddin" Şimali Azərbaycanda mətbuat hadisəsi olsa da, burada biz onun layiqli davamçılarını görmürük, Cənubda qısamüddətli nəşri isə orada layiqli davamçıların üzə çıxmasına şərait yaradıb. Belə ki, Cənubi Azərbaycanda "Suri İsrafil", "Satirik Azərbaycan" və s. satirik jurnallar işıq üzü görüb. Bu jurnallar "Molla Nəsrəddin" ənənələri əsasında öz yollarını müəyyənləşdirib.

Sevinc RƏHİMOVA

0 Comments:

Post a Comment

<< Home